İDMAN
UEFA Madrid məhkəməsinin Superliqa qərarından apellyasiya şikayəti verəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
UEFA Super Liqanın qurucu klublarına qarşı intizam icraatına son qoymağa məcbur edən Madrid məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, UEFA Super Liqa ilə bağlı intizam icraatına xitam verildikdən sonra belə, öz nizamnaməsinə uyğun hərəkət edərək mövqeyini müdafiə etməyə davam edəcək. Belə ki, qurum apellyasiya məhkəməsinə müraciət edəcək və qanuna uyğun olaraq özünün, eləcə də bütün maraqlı tərəflərin mövqeyini müdafiə etməyə davam edəcək.
Qeyd edək ki, iyul ayında məhkəmə UEFA-ya İspaniyanın “Barselona” və “Real” klublarına, həmçinin Super Liqanın yaradılması ideyasından imtina etməyən İtaliyanın “Yuventus” klubuna qarşı intizam icraatına xitam verməyi tələb edib.
Xatırladaq ki, aprelin 19-da Avropanın 12 futbol klubu Super Liqanın yaradıldığını bəyan edib. Bu qərar UEFA-nın etirazına səbəb olub.