UEFA Millətlər Liqası: Niderland Fransaya qarşı
Bakı, 15 noyabr, Nicat Məmmədov, AZƏRTAC
Noyabrın 16-da UEFA Millətlər Liqasının 5-ci turunun növbəti oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, turun ikinci günündə yeddi oyun oynanılacaq.
Turun maraq doğuran matçı A liqasının 1-ci qrupunda yer alan Niderland və son dünya çempionu Fransa yığmaları arasında olacaq. Niderland millisi Fransaya qalib gələ bilməsə, qrupda liderlik şanslarını itirəcək.
B liqasının 1-ci qrupunda baş məşqçi dəyişikliyinə məruz qalan Slovakiya seçməsi artıq qrupun liderliyini təmin etmiş Ukrayna millisi ilə görüşdə ilk xal uğrunda mübarizə aparacaq.
C liqasının 3-cü qrupuna başçılıq edən hər iki komanda səfərdə çıxış edəcək. “Qarabağ”ın futbolçusu Simeon Slavçevin çıxış etdiyi Bolqarıstan yığması Kiprin, Norveç isə Sloveniya millisinin qonağı olacaq.
D liqasında Makedoniyaya 4-cü qrupun qalibi olması üçün Lixtenşteyni məğlub etməsi lazımdır. Bu istək Cəbəllütariqin Yerevanda məğlub etdiyi Ermənistanla görüşdə xal itirəcəyi təqdirdə də gerçəkləşə bilər.
B liqasının 4-cü qrupunda yer alan Uels yığması doğma meydanda Danimarka millisini qəbul edəcək. Bu oyun qrupun liderini müəyyənləşdirəcək.
Qeyd edək ki, bütün oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.