İDMAN
UEFA Millətlər Liqası: Qazaxıstan – Azərbaycan oyunu başlayıb
Bakı, 3 iyun, AZƏRTAC
Futbol üzrə Azərbaycan yığma komandası UEFA Millətlər Liqasının yeni mövsümündə ilk oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, millimiz C Liqasının üçüncü qrupunun birinci turunda Qazaxıstan seçməsinin qonağıdır.
Nur-Sultandakı "Astana Arena"da oynanılan görüşü İştvan Vadın rəhbərliyi ilə macarıstanlı hakimlər idarə edir.
Azərbaycan millisinin start heyətində Şahrudin Məhəmmədəliyev, Azər Salahlı, Bəhlul Mustafazadə, Maksim Medvedev, Höccət Haqqverdi, Emin Mahmudov, Renat Dadaşov, Mahir Emreli, Eddi İsrafilov, Bədavi Hüseynov və Aleksey İsayev yer alıblar.
Qazaxıstan yığmasının heyətində meydana İqor Şatski, Nuralı Alip, Yeldos Ahmetov, Aslan Darabayev, Asxat Taqıbergen, Bauırjan Baytana, Yan Voroqovski, Bağdat Kairov, Abat Aimbetov, Aleksandr Maroçkin və Elxan Astanov çıxıblar.
Azərbaycan millisi tarixində indiyədək bu ölkənin əsas komandası ilə 9 görüş, U-21 yığması ilə 1 oyun keçirib. Komandamız 10 qarşılaşmanın 4-də məğlub olub, eyni sayda heç-heçə edib, cəmi 2 dəfə qələbə qazanıb.