Ufuk Turqaner: Türk dünyasının inteqrasiyası ortaq tarix, dil və mədəniyyət əlaqələri üzərində qurulub VİDEO
Bakı, 6 may, AZƏRTAC
Türk dünyasında transformasiya və inteqrasiyanın son illərdə həm siyasi, həm də akademik olaraq daha çox əhəmiyyət qazandığına şahidlik edirik. Bu geniş coğrafiyada Türk dünyasının inteqrasiyası ortaq tarix, dil və mədəniyyət əlaqələri üzərində qurulub. Bunun nəticəsində də iqtisadi, mədəni və siyasi əlaqələr genişlənməkdədir. Şimali Kipr Türk Cümhuriyyəti ilə Azərbaycan arasındakı qardaşlıq əlaqələri təsadüf deyil. Türk dünyasının ayrılmaz parçası olan Şimali Kipr Türk Cümhuriyyəti ana vətənimiz Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü və Azərbaycan Prezidenti İlham Əliyevin dəstəyi ilə 2022-ci ildə Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv olaraq qəbul edilib.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turqaner BDU-da keçirilən “Türk dünyasında transformasiya və inteqrasiya: iqtisadiyyat, siyasət və texnologiya” mövzusunda beynəlxalq konfransda deyib. O bildirib ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə qardaş Azərbaycan arasındakı müstəsna münasibətlər çərçivəsində ölkələrimiz arasında siyasi və iqtisadi əməkdaşlıq, ticarət, turizm və ali təhsil sahələrindəki əlaqələr gündən-günə inkişaf etməkdədir: “Prezident İlham Əliyevin bütün Türk dünyası üçün yol xəritəsi olaraq qəbul edilən “Bizim ailəmiz Türk dünyasıdır” fikri birliyimiz baxımından çox mühüm bir yol xəritəsidir. Bu yolda çalışmaq ən böyük məsuliyyətimizdir. Bu duyğu və düşüncələrlə, üç dövlət, bir millət olaraq birliyimizin, bərabərliyimizin, həmrəyliyimizin nəticəsində təşkil edilən bu konfransın işinə uğurlar arzulayıram”.