SİYASƏT
Ukrayna Azərbaycanlı Gənclər Birliyinin vilayət təşkilatı “Avropa günü” tədbirlərində Azərbaycanı uğurla təmsil etmişdir
Bakı, 22 may (AZƏRTAC). Ukraynanın Dnepropetrovsk şəhərində “Avropa günü” tədbirləri çərçivəsində “Petrikіvsky Divotsvіt” adlı beynəlxalq etnofestival keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Ukraynanın və Polşanın müxtəlif şəhər və rayonlarından beş min insanın iştirak etdiyi festivalı Dnepropetrovsk vilayətinin qubernatoru Aleksandır Yuryeviç açmışdır.
Festivalda Dnepropetrovsk şəhərinin meri İvan Kuliçenko, vilayət radasının sədri Yevgeni Udod, Polşanın Ukraynanın Xarkov vilayətindəki baş konsulu Yan Qranat iştirak etmişlər.
Beynəlxalq tədbirdə Ukraynanın və Polşanın müxtəlif regionlarından gəlmiş azsaylı xalqların nümayəndələri milli adət-ənənələrini, mədəniyyətlərini, sənətkarlıq nümunələrini, incəsənətini, milli mətbəxlərini, musiqilərini nümayiş etdirmişlər.
Taras Şevçenko adına mərkəzi mədəniyyət və istirahət parkında keçirilən festivalda ölkəmizi Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) Dnepropetrovsk vilayət təşkilatı təmsil etmişdir.
Azərbaycan üçün ayrılmış guşədə UAGB-nin Dnepropetrovsk vilayət təşkilatının üzvləri tərəfindən adət-ənənələrimiz, mədəniyyətimiz, milli mətbəximizin nümunələri nümayiş olunmuşdur. Festival iştirakçıları Azərbaycanın ləziz milli xörəklərindən, şirniyyatlarından dadmışlar.
A.Yuryeviç demişdir ki, UAGB-nin Dnepropetrovsk vilayət təşkilatı hər zaman şəhərin milli-mədəni, ictimai-siyasi həyatında yaxından iştirak etmiş, Azərbaycanı Ukraynanın müxtəlif regionlarında da uğurla təmsil etmişdir.
Ukraynada “Avropa günü” 1992-ci il mayın 18-də Ukrayna ilə Polşa arasında əməkdaşlığın qurulması haqqında imzalanmış müqaviləyə əsasən qeyd olunur.