Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Xarici İşlər Nazirliyində olub
Bakı, 12 iyun, AZƏRTAC
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ukrayna Dövlət Fiskal Xidmətinin rəisi Roman Nəsirov ilə görüşüb.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanda olmasından məmnunluğunu bildirən Roman Nəsirov birinci Avropa Oyunlarının keçirilməsi münasibətilə ölkəmizi təbrik edib və xeyli sayda ukraynalı idmançının yarışlarda iştirak edəcəyini diqqətə çatdırıb. O, Ukraynada cərəyan edən hadisələrlə bağlı qısa məlumat verib.
Nazir Elmar Məmmədyarov ukraynalı idmançıların Oyunlar zamanı uğurla çıxış edəcəyinə ümidvar olduğunu bildirib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar barədə məlumat verərək münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə beynəlxalq səviyyədə tanınmış sərhədlərə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət çərçivəsində həll olunmasının vacibliyini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.