Ukrayna mətbuatı Qələbəyə həsr olunmuş Zəfər paradını geniş işıqlandırıb
Kiyev, 11 dekabr, AZƏRTAC
Ukrayna mətbuatı Azərbaycanda keçirilən Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradını geniş işıqlandırıb.
AZƏRTAC xəbər verir ki, “RBK-Ukrayna”, Ukrinform, UNIAN, “İnterfax-Ukrayna” informasiya agentliklərinin, “Gordon”, “Segodnya”, “Dialog”, “Podrobnosti” və digər portalların yaydıqları informasiyalarda, 1+1, “Ukrayna 24”, “TCN”, “Pryamoy” telekanallarında yayımlanan reportajlarda Zəfər paradının möhtəşəmliyi haqqında fikirlər yer alıb.
Məlumat və reportajlarda Zəfər paradında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevlə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından sitatlar yer alıb. Prezident İlham Əliyevin çıxışına istinadla vurğulanır ki, Zəngəzur, Göyçə, İrəvan mahalı Azərbaycanın tarixi torpaqlarıdır. “Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu”, - deyə məlumatlarda Prezidentə istinadla qeyd olunur.
Azadlıq meydanında Ermənistan ordusundan qənimət götürülmüş hərbi texnikaların bir qisminin, eləcə də Azərbaycan Silahlı Qüvvələrinə məxsus döyüş texnikasının nümayiş etdirildiyi qeyd olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev