Ukraynada Azərbaycan diasporunun mənafelərinin qorunmasına yeni təkan veriləcək
Kiyev, 13 fevral, AZƏRTAC
Azərbaycanın Xarkovdakı fəxri konsulu Əfqan Salmanov fevralın 12-də Ukrayna paytaxtında soydaşımız, Ukraynanın xalq deputatı, Ukrayna Ali Radasının Vergi və gömrük siyasəti məsələləri komitəsinin rəhbəri, Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri üzrə işçi qrupun sədri seçilmiş Roman Nəsirovla görüşüb.
Əfqan Salmanov Roman Nəsirovu yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edib və əmin olduğunu bildirib ki, dost dövlətlərimiz arasında parlamentlər səviyyəsində əlaqələrin inkişafı və dərinləşməsi, habelə Ukraynada Azərbaycan diasporunun mənafelərinin qorunması üzrə fəaliyyət yeni təkan alacaq.
Fəxri konsul daha sonra ümidvar olduğunu bildirib ki, Roman Nəsirov Azərbaycanın ərazi bütövlüyünə Ermənistan tərəfindən təcavüz edilməsi probleminin həllində bundan sonra da iştirak edəcək, işğal olunmuş ərazilərin azad edilməsi barədə haqlı tələbləri dəstəkləyəcəkdir.
Roman Nəsirov da öz növbəsində bildirib ki, qeyd edilən bütün istiqamətlər üzrə səmərəli əməkdaşlığa hazırdır. R.Nəsirov Azərbaycan ərazilərinin işğal edilməsi barədə bu yaxınlarda bəyanatla çıxış etdiyini xatırladaraq deyib: “Beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycan ərazilərinin işğal olunmasına görə Ermənistana qarşı sanksiyalar tətbiq etməlidirlər. 20 ildən artıq müddətdə danışıqlar nəticə vermirsə, deməli, yeni variantlardan istifadə etmək lazımdır, bu isə yalnız Ermənistana təzyiq vasitələri ola bilər”.
Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri əmindir ki, bu münaqişəyə son qoyulmalı, işğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır.
O vurğulayıb: “Bu proses çox uzandı. Lakin postsovet məkanındakı son hadisələr ümid etməyə əsas verir ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün də münasib vaxt yetişəcək”.
R.Nəsirov fəxri konsulu əmin edib ki, Azərbaycan diasporunun məsələləri ilə fəal məşğul olacaq, Ukrayna ərazisində yaşayan soydaşlarımızın mənafelərini qorumaq üçün bütün qanuni üsullardan istifadə edəcəkdir.
Əfqan Salmanov AZƏRTAC-a müsahibəsində Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələri üzrə işçi qrupun rəhbəri vəzifəsinə Ukrayna Prezidenti Pyotr Potoşenkonun komandasının üzvü olan gənc və enerjili siyasətçinin seçilməsinə sevindiyini vurğulayıb. Fəxri konsul deyib: “Əminəm ki, Roman Nəsirov Azərbaycan ilə Ukrayna arasında əlaqələrin möhkəmlənməsi üçün maksimum səy göstərəcək”.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev