UKRAYNADA XOCALI QIRĞINI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR
Səhər Kiyev məscidində cümə namazı qılınmışdır. Müxtəlif ölkələrin müsəlmanları, o cümlədən diplomatlar azərbaycanlı dindaşlarına başsağlığı vermiş, onlarla həmrəy olduqlarını bildirmişlər. Oradaca Azərbaycan səfirliyinin mətbuat üçün məlumatı yayılmışdır.
Kiyevin ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr fevralın 24-də Ermənistanın Ukraynadakı səfirliyi qarşısında icazəli mitinq keçirmişlər. Onlar əllərində “Ermənistanın işğalçı siyasətinə “yox” deyirik!” və “Azərbaycan ərazilərinin azad olunmasını tələb edirik!” sözləri yazılmış plakatlar tutmuşdular.
Sonra Ukrayna paytaxtının mərkəzində yerləşən Müəllimlər evində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mərasim keçirilmişdir. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyev mərasimi açaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, erməni separatizmi və terrorizmindən, xalqımızın itkilərindən danışmışdır.
UAK-ın sədri Oqtay Əfəndiyev, Peçyorsk rayon sovetinin deputatı Vilayət Quliyev, “Ukrayna-Azərbaycan” Dostluq evi idarə heyətinin sədri Aleksandr İvançuk və başqaları təkcə xalqımıza qarşı deyil, həm də bəşəriyyətə qarşı cinayət törətmiş erməni cəlladlarını lənətləmişlər. Azərbaycanın Milli Qəhrəmanı Rafael Əsədovun dul xanımı Valentina Əsədova onun ailəsinə himayə etdiyinə və ayda 650 dollar pensiya aldığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirmişdir. “Şlyax peremoj” (“Qələbə yolu”) qəzetinin baş redaktoru Mariya Bazelyuk bildirmişdir ki, işğalçılara qarşı döyüşən dörd oğul anasının Xankəndidə ermənilər tərəfindən camaat qarşısında güllələndiyinin şəxsən şahidi olmuşdur.
Kiyev məscidinin imamı Xocalı şəhidlərinin ruhuna Müqəddəs Qurandan surələr oxumuşdur.