SİYASƏT
Ukraynalı ekspert: Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə qəti qələbəsi böyük epoxanın sonu oldu

Kiyev, 23 sentyabr, AZƏRTAC
Ərazi bütövlüyü uğrunda Azərbaycanın qəti qələbəsi, ilk növbədə, bütün postsovet məkanı üçün böyük və uzunsürən epoxanın sonu oldu. Bu fikirləri AZƏRTAC-ın müxbiri ilə söhbətində Ukraynanın “Doktrina” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Yaroslav Bojko söyləyib.
Ekspertin sözlərinə görə, sovet sisteminin süqutu ilə meydana çıxan hər bir separatçı anklav, özü-özlüyündə, onun qopduğu dövlət üçün təhlükə idi. O əlavə edib: “Doxsanıncı illər mahiyyət etibarilə əvvəllər SSRİ-yə daxil olmuş ölkələrin ortaq problemlərlə üzləşdiyi və artıq onların hər biri tərəfindən ayrı-ayrılıqda həll olunan spesifik bir dövr olub. Qarabağ uğrunda mübarizə həmin illərdə Azərbaycan üçün faciəli hadisələrlə dolu səhifə idi. Bununla yanaşı, indi mühüm olan odur ki, 30 ildən sonra Qarabağda yenidən Azərbaycan Bayrağı dalğalandı. Azərbaycan cəmiyyətinin və dövlətinin böyük transformasiyası bunu şərtləndirən amil oldu. Bu, cəmiyyətdə ciddi konsolidasiya, iqtisadi inkişaf, praqmatik və şəraitə uyğun dövlət siyasətini ehtiva edir. Bunun sayəsində Azərbaycan separatçılıqla bağlı öz problemini həll edə bildi və postsovet məkanındakı digər dövlətlərə müstəqil yolun tam mümkünlüyü və səylər göstərildiyi təqdirdə uzunmüddətli mübarizədə qələbənin tamamilə real olması barədə açıq siqnal vermiş oldu”.
Yaroslav Bojko sonda bildirib: “Cəmiyyətin konsolidasiyası və qurban vermək əzmi olan yerdə qələbə də labüddür. Onilliklər keçməsinə baxmayaraq, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədləri üzərində nəzarəti tam qaytarmaq üzrə strateji məqsədi heç vaxt zəifləməyib. Bu, vurğulanması lazım olan və başqalarına örnək təşkil edəcək davranışdır”.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev