Ulu Öndər Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında misilsiz xidmətlər göstərib
Bakı, 16 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Şimal Regional Mərkəzində "Heydər Əliyev İli"nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan multikulturalizmi” mövzusunda tədbir keçirilib.
Qurumdan AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra Mərkəzin akt zalında davam etdirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və xalqımızın müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Şimal Regional Mərkəzinin rəisi polkovnik Fuad İlyasov Ulu Öndərin həyat və fəaliyyətindən, onun hələ sovetlər dövründə ölkəmizdə müstəqillik ideyalarının təşəkkül tapmasında müstəsna xidmətlərindən söz açıb, Azərbaycan dövlətçiliyinin bərpasında, qorunub saxlanılmasında göstərdiyi misilsiz xidmətlərindən bəhs edib.
Daha sonra tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov dahi rəhbərin zəngin dövlətçilik təcrübəsi, qətiyyəti, əzmkarlığı və uzaqgörənliyi sayəsində bu gün ölkəmizin beynəlxalq miqyasda inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəldiyini vurğulayıb. O, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əsrə bərabər inkişaf yolu keçdiyini iftixar hissi ilə dilə gətirib.
Digər çıxış edənlər Ulu Öndərin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz xidmətlərdən danışıblar.
Sonda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.