Ulu Öndər Azərbaycanda ordu quruculuğuna münasibətdə yeni baxış formalaşdırıb
Bakı, 25 iyun, AZƏRTAC
Zərdab Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə tədbiri açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə gördüyü işlərlə qəlblərdə daimi sevgi, xatirələrdə əbədiyaşarlıq qazanıb. Ümummilli Lider qısa zaman kəsiyində ölkədə sabitliyi təmin edib, Azərbaycanı inkişaf yoluna çıxarıb. Ordu quruculuğu sahəsində böyük xidmətləri olan Ulu Öndər Azərbaycan Ordusunu məhv olmaqdan, dağılmaqdan xilas edib, qısa müddət ərzində güclü və təşkilatlanmış bir ordu yaradıb, ordu quruculuğuna münasibətdə yeni bir baxış formalaşdırıb və Silahlı Qüvvələrimizi ölkəmizin müstəqilliyinin dəyərli reallıqlarından birinə çevirib. Prezident İlham Əliyev bu gün Ümummilli Liderin bu sahədə müəyyənləşdirdiyi kursu uğurla davam etdirir.
Deputat Jalə Əliyeva çıxış edərək, Ali Baş Komandan İlham Əliyevin Ulu Öndərin ideyalarını layiqincə yerinə yetirdiyini, Silahlı Qüvvələrimizin müasir hərbi texnika ilə təchiz edildiyini, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordu yaradıldığını bildirib. Qeyd edib ki, 30 ilə yaxın düşmən işğalı altında qalan torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində azad olundu.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi Ramin Əhmədov, Qarabağ müharibəsi Əlilləri, Veteranları, Şəhid Ailələri İctimai Birliyinin Zərdab rayon şöbəsinin sədri Neman Yediyarov, şəhidi atası Qədir Hüseynov, hərbi mütəxəssis, ehtiyatda olan zabit, polkovnik-leytenant Elmir Musayev, gənc çağırışçı Samir Qurbanov çıxış edib, Ulu Öndər Heydər Əliyevin ordu quruculuğu sahəsində gördüyü işlərdən, Ali Baş Komandan İlham Əliyevin ordu siyasətinin uğurlarından, 44 günlük tarixi Zəfərimizdən və hərbi sahədəki yüksək inkişafdan söz açıblar.