SİYASƏT
Ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının lideri idi
Bakı, 10 may, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra ölkədə davamlı sabitliyin və iqtisadi tərəqqinin əsası qoyulmaqla yanaşı, milli birliyə nail olundu, azərbaycançılıq anlayışı milli təfəkkür tərzinə çevrildi. Azərbaycan dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış soydaşlarımız üçün milli iftixar, mənəvi dayaq və güvənc yeri oldu. Ona görə də, ən yeni tariximizdə dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən biridir.
Bu sözləri mayın 10-da ümummilli lider Heydər Əliyevin məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlmiş Gürcüstan Azərbaycanlılarının Milli Konqresinin sədri Əli Babayev AZƏRTAC-a müsahibəsində deyib.
Ə.Babayev bildirib ki, ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının lideri idi. Ümummilli Lider azərbaycanlıların həmrəyliyinin həm ölkəmiz üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün xüsusi əhəmiyyət kəsb etdiyini düzgün dəyərləndirir, xaricdəki azərbaycanlıların birliyi və təşkilatlanması məsələlərini diqqət mərkəzində saxlayırdı. Görkəmli dövlət xadimi xarici ölkələrə səfərləri zamanı Azərbaycan diasporunun nümayəndələri ilə görüşlər keçirər, onların problem və qayğıları ilə yaxından maraqlanar, daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələr verərdi. Ümummilli lider Heydər Əliyev öz şəxsi nüfuzu və əməli fəaliyyəti ilə ölkəmizi dünyada tanıdıb.
AZƏRTAC-0-UG