Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan beynəlxalq konfrans təşkil olunub
Bakı, 18 aprel, AZƏRTAC
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Azərbaycan Tibb Universiteti, Ginekologiya və Perinatologiyanın İnkişafına Dəstək Assosiasiyası, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və BMT-nin Əhali Fondunun birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Mama-ginekologiya, reproduktiv sağlamlıq və qadın sağlamlığı” adlı beynəlxalq konfrans keçirilib.
AZƏRTAC Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, konfransda Dövlət Himni səsləndirildikdən sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban verən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Respublikamızın müxtəlif bölgələrindən 150-dən çox mama-ginekoloq, cərrah-ginekoloq, tələbə və həkim-rezidentlərin iştirak etdiyi konfrans mamalıq və ginekologiya sahəsinə dair aktual məsələlərin müzakirəsi məqsədilə təşkil olunub.
Tədbirdə Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru Cəmilə Qurbanova ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində, o cümlədən də ana və uşaq sağlamlığı sahəsində həyata keçirilən islahatlar, inkişaf və tərəqqinin Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayıb.
Beynəlxalq konfransda reproduktiv dövrdə endometrium xərçənginə yanaşma, antenatal qulluğun müasir aspektləri və digər mövzularda bağlı yerli və xarici mütəxəssislərin məruzələri dinlənilib.