Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş yazı müsabiqəsi elan edilib
Bakı, 31 mart, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) 2009-cu ildən etibarən hər ilin aprel-may aylarında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” və “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda yazı müsabiqələri təşkil edir.
AQUPDK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə yazı müsabiqəsi Quba-Xaçmaz iqtisadi rayonunda yerləşən orta ümumtəhsil məktəblərinin (Quba, Xaçmaz, Qusar, Şabran, Siyəzən rayonları) 9-11-ci sinif şagirdləri arasında təşkil edilib. Müsabiqənin yekunlarına həsr olunmuş tədbir Xaçmaz rayonunda keçirilib.
2020-ci ildə bütün dünyada yayılan koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkəmizdə tətbiq olunan xüsusi karantin rejimini nəzərə alaraq müsabiqənin mövzusunda və strukturunda dəyişiklik edilib. Pandemiya ilə mübarizə tədbirlərində həkimlərin, tibb işçilərinin, polis və fövqəladə hallar orqanları əməkdaşlarının əhalinin təhlükəsizliyinin və ictimai asayişin qorunmasında rolunu nəzərə alaraq müsabiqə “Görünməyən qəhrəmanlar” mövzusunda təşkil edilib.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən aparılan müharibənin uğurlu nəticəsi olaraq 2020-ci il ölkəmizin tarixinə Qələbə ili kimi yazıldı. Azərbaycan yenidən öz tarixi torpaqlarına qovuşdu. Noyabrın 8-də xalqımızın tarixinə Zəfər Günü kimi həkk olundu. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi gənc yazarlar və jurnalistlər arasında “Şanlı Zəfər yolumuz” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsi təşkil etməyə qərar verib. Müsabiqəyə sənədlərin qəbulu aprelin 1-dən mayın 30-dək davam edəcək.
Müsabiqədə iştirak etmək istəyənlər öz yazılarını [email protected] email ünvanına göndərə bilərlər.
Təqdim olunan məqalələr 3 səhifədən çox olmayaraq “Arial 12” şriftində olmalıdır. Məqalələr Azərbaycan, rus və ingilis dillərində təqdim oluna bilər.
Təqdim olunan məqalələr münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndiriləcək. Müsabiqədə ilk 3 yerin qalibləri (1-ci, 2-ci, 3-cü yerlər) Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən diplom və hədiyyələr ilə mükafatlandırılacaq.
Müsabiqənin yekunları ilə bağlı tədbirin keçirilmə vaxtı pandemiya səbəbindən tətbiq edilən karantin rejiminin qaydalarından asılı olaraq müsabiqə iştirakçılarına və ictimaiyyətə açıqlanacaq.