Ulu Öndər tərəfindən əsası qoyulan ordu quruculuğu prosesi hazırda yeni inkişaf mərhələsindədir
Qəbələ, 25 iyun, Mustafa Dadaşov, AZƏRTAC
“Heydər Əliyev İli” çərçivəsində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzusunda konfrans keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, konfrans iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, Mədəniyyət Mərkəzinin foyesində Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxıblar.
Rayon icra hakimiyyətinin, YAP Qəbələ rayon təşkilatının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin, idarə, müəssisə və təşkilatların nümayəndələrinin, Vətən müharibəsi qazilərinin, hərbi xidmətə çağırışçı gənclərin və onların valideynlərinin iştirak etdiyi tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova açaraq, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan ordu quruculuğunun bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən böyük məharətlə davam etdirilməsi nəticəsində Ordumuzun regionun ən güclü və qüdrətli ordusuna çevrildiyini diqqətə çatdırıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi Fuad Xudiyev gənclərin bir şəxsiyyət kimi formalaşmasında, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.
Digər çıxış edənlər ordu quruculuğu sahəsində qazanılan uğurlardan, 44 günlük Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlıqlarından bəhs edib, gənclərə bu şərəfli missiyanın yerinə yetirilməsində uğurlar arzulayıblar.
Tədbirin sonunda “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” adlı videoçarx nümayiş olunub.