MƏDƏNİYYƏT
“Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi çərçivəsində seminar
Bakı, 20 avqust (AZƏRTAC). İslam Əməkdaşlıq Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) maliyyə dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən “Ümumi Mədəni İrs Şəhərləri” beynəlxalq arxeoloji-turizm layihəsi üzrə işlər davam etdirilir.
Layihə COMCEC-ə üzv olan 4 ölkədə (Azərbaycan, Qazaxıstan, Özbəkistan və Türkiyə) mədəni turizm, xüsusilə arxeoloji turizm potensialının araşdırılması, oxşar mədəni irs nümunələrinə sahib olan bölgələrin müəyyən edilməsi, araşdırmaların nəticələrinə əsasən bu ölkələri birləşdirən ortaq turizm məhsulunun yaradılmasını əhatə edir.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hazırda layihənin 1-ci mərhələsi yekunlaşmaq üzrədir. Bu mərhələ çərçivəsində araşdırmaların aparılması məqsədilə ekspertlərin adı çəkilən ölkələrə səfərləri təşkil edilmiş və əldə olunmuş araşdırma materialları əsasında Türk-İslam dünyasının arxeoloji-mədəni turizm potensialına dair hesabatın hazırlanması üzərində iş aparılır.
Layihənin 2-ci mərhələsi çərçivəsində araşdırmaların nəticəsi olaraq, birgə turizm məhsulu yaradılması məqsədilə cari ilin sentyabrın 16-dan 18-dək Azərbaycanda bu ölkələrin nümayəndələrinin iştirakı ilə beynəlxalq seminarın keçirilməsi planlaşdırılır.
Seminar zamanı layihə çərçivəsində əldə olunmuş nəticələr, bu ölkələrin ortaq tarixi-mədəni irsi, arxeoloji turizm potensialı, İslam mədəniyyətinin əhəmiyyəti, yaradılacaq yeni birgə turizm məhsulu və onun turizm sənayesi üçün əhəmiyyəti, çoxtərəfli əməkdaşlıq perspektivləri və s. məsələlər müzakirə olunacaqdır.