ÜMUMİ TƏHSİLİN MİLLİ KURRİKULUMU İLƏ BAĞLI LAYİHƏ SƏNƏDİ MÜZAKİRƏ OLUNMUŞDUR
sənədi müzakirə olunmuşdur.
Nazir Misir Mərdanov bildirmişdir ki, Azərbaycan hökuməti ilə Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyası arasında bağlanmış II Kredit Sazişinə əsasən, ölkəmizdə 5 əsas komponent üzrə 2003-2007-ci illəri əhatə edən Təhsil Sektorunun İnkişaf layihəsi (TSİL) həyata keçirilir.
Qeyd edilmişdir ki, TSİL-in əsas məqsədlərindən biri kimi, “Ümumi təhsilin keyfiyyəti və real tələbata uyğunluğu” komponentinin tərkib hissəsi olan “Kurrikulum islahatı”nın alt-komponenti üzrə müvafiq iş aparılmışdır. Komponent çərçivəsində hazırlanan “Azərbaycan Respublikasında ümumi təhsilin Milli Kurrikulumu” layihə sənədi ümumi təhsilin məzmununun yeniləşdirilməsi sahəsində yerinə yetirilən vacib və əhəmiyyətli işlərdən biridir.
Nazirliyin şöbə müdiri, “Kurrikulum islahatı” üzrə alt-komponent əlaqələndiricisi Aydın Əhmədov layihə sənədinin funksiyaları barədə ətraflı məlumat vermişdir.
Layihə sənədinin ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, fənn kurrikulumlarının strukturunu və digər prioritet sahələri əhatə etdiyini bildirən A.Əhmədov müvafiq istiqamət üzrə beynəlxalq və milli məsləhətçilərlə iş aparıldığını da nəzərə çarpdırmışdır.
M.Mərdanov fənn kurrikulumlarının hazırlanması zamanı şagirdlərin yaş, bilik və bacarıqlarının nəzərə alınmasının vacibliyini vurğulamışdır.
Çıxış edən təhsil şöbəsi müdirləri, məktəb direktorları layihə sənədi haqqında fikirlərini söyləmiş, təkliflər vermişlər.