UNEC-də ilk: İnzibati heyətin xidməti fəaliyyəti qiymətləndirildi
Bakı, 21 iyul, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) inzibati heyətin xidməti fəaliyyətinin qiymətləndirilməsinin nəticələri müzakirə olunub.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müzakirələrdə rektor Ədalət Muradov və struktur rəhbərləri iştirak ediblər.
UNEC-in intellektual məhsulu olan və 2022-ci ilin may ayından tətbiq edilən qiymətləndirmə sisteminin məqsədi universitetdə inzibati işçilərin rəqabətini stimullaşdırmaq, inzibati proseslərin keyfiyyətini və səmərəliliyini artırmaq, eləcə də diferensial əməkhaqqı sisteminə keçidi təmin etmək olub.
UNEC Ekstern Mərkəzinin rəhbəri Zaur Əzizov inzibati heyətin birillik xidməti fəaliyyəti barədə təqdimatla çıxış edərək fakültə, kafedra və struktur bölmələr üzrə rəhbər şəxslərin, eləcə də əməkdaşların qiymətləndirilməsinin nəticələrini açıqlayıb. Bildirilib ki, qiymətləndirmədə ümumilikdə 737 əməkdaş iştirak edib.
Təqdimatdan sonra müzakirələr aparılıb. Qiymətləndirmə sisteminin əməkdaşların stimullaşdırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması, eyni zamanda, UNEC-in hədəfləri istiqamətində inzibati proseslərin keyfiyyətinin artırmasında mühüm rol oynayacağı qeyd olunub.
Qeyd edək ki, UNEC-də 2015-ci ildən pedaqoji işçilərin fəaliyyətinin qiymətləndirilməsini təmin edən diferensial əməkhaqqı sistemi tətbiq olunur. Bu sistemin məqsədi pedaqoji heyətin motivasiyasını təmin etmək, müəllimlər arasında rəqabət mühitini gücləndirmək və elmi fəaliyyəti stimullaşdırmaqdır.