UNİBANK DEG-İN KREDİT XƏTTİNDƏN İSTİFADƏYƏ BAŞLAYACAQDIR
Bankdan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kredit xəttinin verilməsi məsələlərini tənzimləyən saziş mayın 31-də Berlində, Almaniya-Azərbaycan işgüzar konfransında bağlanmışdır. 2005-ci il dekabrın 6-da sazişə əlavələrdən ibarət sənəd imzalanmışdır. Sənədə əsasən, kredit xətti 2007-ci ildə ödənilməlidir.
3 milyon dollar məbləğində kredit xəttindən hər biri 500 min dollar məbləğində tranşlarla istifadə olunacaqdır.
Hazırda UniBank fəal surətdə DEG-in vəsaiti hesabına maliyyələşdiriləcək layihələri seçir.
UniBank ölkədə layihələrin maliyyələşdirilməsi məqsədi ilə xarici sərmayələrin cəlb edilməsinə görə Azərbaycan bankları arasında birinci yeri tutur. Bankın ticarətin maliyyələşdirilməsi də daxil olmaqla cəlb etdiyi, habelə müxtəlif beynəlxalq maliyyə təsisatları tərəfindən ayrılacaq və hazırda imzalanma mərhələsində olan kredit xətlərinin ümumi məbləği təqribən 37 milyon dollardır.
Bank bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankı, DEG, QAF, Beynəlxalq Maliyyə Korporasiyası, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı və digər aparıcı beynəlxalq maliyyə təsisatları ilə işləyir. Bir sıra maraqlı layihələr – iri layihələrin maliyyələşdirilməsi, mikromaliyyələşdirmə proqramı və s. müzakirə olunur. UniBankın İdarə heyətinin sədri Faiq Hüseynov demişdir: “Beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq fəaliyyətimizin ən mühüm strateji istiqamətlərindən biridir və onu genişləndirmək niyyətindəyik”.