CƏMİYYƏT
UNICEF koronavirus əleyhinə vaksinin alışı və tədarükü üzrə aparıcı rolu üzərinə götürəcək
Bakı, 4 sentyabr, AZƏRTAC
BMT-nin Uşaq Fondu (UNICEF) COVID-19 əleyhinə vaksinlərin aşağı və orta gəlir səviyyəli ölkələrə çatdırılması prosesinə rəhbərlik edəcək. AZƏRTAC BMT-nin Xəbərlər xidmətinə istinadla bildirir ki, Fond, xüsusən COVAX alyansında - koronavirus əleyhinə vaksinlərin işlənməsi və hazırlanması üzrə beynəlxalq əməkdaşlıq proqramında iştirakını bildirən 80 zəngin ölkə tərəfindən dərmanın tədarükündə koordinator olaraq çıxış edəcək.
UNICEF vurğulayır ki, COVID-19 əleyhinə vaksinlərin alışı və tədarükü bu cür əməliyyatların tarixçəsində ən miqyaslı olacaq. Fondun mütəxəssisləri hesab edirlər ki, bu günə olan məlumata görə, sınaq müddətində olan bir neçə preparat kifayət qədər “ümid verir”.
Fondun icraçı direktoru Henriyetta For deyib: “Bu, COVID-19 pandemiyası ilə mübarizə üzrə hökumətlər, istehsalçılar və digər ortaqlar arasında aparılan çoxtərəfli əməkdaşlıqdır. UNICEF-in hamını vaksinlə təmin etmək üçün kollektiv cəhdlərə töhfəsi – tədarük sahəsində mövcud imkanlarımızdır. Bu yolla, dərman hazır olduğu zaman onun bütün ölkələr tərəfindən alına biləcəyində əmin ola bilərik”.
UNICEF dünyada vaksin tədarük edən ən böyük təşkilatdır. Fond hər il həm planlı peyvəndin vurulması, həm də xəstəliklərin və epidemiyaların yayılmasına qarşı mübarizə məqsədilə 100 ölkə adından iki milyarddan artıq doza vaksin tədarük edir. Fondun fəaliyyəti sayəsində son 20 ildə 13 milyon insanın həyatını xilas etmək mümkün olub, 760 milyon uşaq immunizasiyadan keçib.
Koronavirusa qarşı mübarizədə göstərilən cəhdləri nəzərə alaraq 2021–ci ildə Uşaq Fondu tərəfindən vaksinlərin satınalmaların və tədarükünün həcminin iki dəfə artacağı gözlənilir.
Xatırladaq ki, COVAX alyansı Ümumdünya Səhiyyə Təşkilatının himayəsində COVID-19 əleyhinə vaksinin hazırlanması məqsədilə yaradılıb. Alyansa 172 ölkə qatılıb, bunlardan 80-i potensial olaraq ödəmə qabiliyyətinə malik, 92-si isə maliyyə və texniki dəstəyə ehtiyacı olan ölkələrdir.