USAİD AZƏRBAYCANDAKI ORTA SƏVİYYƏLİ BANKLARA YARDIM GÖSTƏRƏCƏKDİR
Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və BankworldInc Azərbaycandakı orta səviyyəli banklara texniki məsləhət və təlim xidmətləri göstərəcək “Maliyyə sektorunun stabilliyi proqramı”na başlamışdır.
AZƏRTAC xəbər verir ki, sentyabrın 17-də “Atra Bank” Kommersiya Bankı ilə sözügedən xidmətlərin göstərilməsi üçün Anlaşma Memorandumu imzalanmışdır.
İmzalanma mərasimində “Atra Bank”ın rəhbərliyi, BankworldInc təşkilatının prezidenti və icraçı direktoru Barat Barqava və USAİD-in ölkəmizdəki baş iqtisadiçısı Pol Devis iştirak etmişlər.
Memorandumun şərtlərinə əsasən ayrılacaq 250 min ABŞ dolları Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafına, “Atra Bank”da risklərin idarə olunmasına, yeni informasiya texnologiyalarının tətbiqinə və təlim proqramlarının həyata keçirilməsinə yönəldiləcəkdir.
USAİD və BankworldInc daha 4 banka eyni məqsədlər üçün maliyyə yardımı ayıracaqlar. Layihə 1 illik müddəti əhatə edir.