Uşaqların internetdə informasiya təhlükəsizliyinin təmin olunması üçün alqoritmlər işlənilir
Bakı, 31 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunda müasir informasiya texnologiyalarının elmi-nəzəri əsaslarının tədqiqi və inkişaf etdirilməsi istiqamətində tədqiqatlar aparılıb. Bu istiqamətdə proqram mühəndisliyi və proqram sistemlərinin analizi və sintezi problemləri, eləcə də informasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemləri araşdırılıb. İntellektual proqram sistemlərinin sintezi üçün metod və modellər işlənilib, bulud sistemlərinin platformasında paylanmış strukturlu proqram sistemləri yaradılıb. Proqram sistemlərinin keyfiyyət göstəricilərinin araşdırılması ilə bağlı tədqiqatlar yerinə yetirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə şöbə müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Tofiq Kazımov məlumat verib.
T.Kazımov “Uşaqların internet mühitində informasiya təhlükəsizliyinin təmin olunması üçün metod və alqoritmlərin işlənməsi” mövzusunda dissertasiya işinin müdafiəsinə hazırlıq işləri gördüyünü vurğulayıb. O, yarım il ərzində aparılan tədqiqatların nəticələrinin “Web of Science” və “Scopus” kimi nüfuzlu bazalara daxil olan jurnallarda və kitablarda öz əksini tapdığını deyib.