Usik və Dübua arasında mütləq dünya çempionu titulu uğrunda döyüşün vaxtı müəyyənləşib
Bakı, 17 aprel, AZƏRTAC
Ukraynalı Aleksandr Usiklə britaniyalı Daniel Dübua arasında ağır çəki dərəcəsində boks üzrə mütləq dünya çempionu adı uğrunda revanş döyüşü iyulun 12-də Londondakı "Uembli" stadionunda olacaq.
AZƏRTAC xəbər verir ki, Usik və Dübua ilk dəfə 2023-cü ilin avqustunda qarşılaşıblar. Həmin döyüşdə Usik 9-cu raundda rəqibini nokauta salaraq qalib gəlmişdi.
38 yaşlı Usik professional rinqdə məğlubiyyət tanımır, belə ki, onun hesabında 23 döyüşdə 23 qələbə var, onlardan 14-ü nokautla başa çatıb. Ötən ilin dekabrın 22-də Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində britaniyalı Tayson Fyuriyə qarşı keçirdiyi sonuncu revanş döyüşü 12 raund davam edib və hakimlərin yekdil qərarı ilə (hər üç hakim kartında 116–112) qələbə qazanıb. Bu qələbə ilə Usik Ümumdünya Boks Assosiasiyası (WBA), Beynəlxalq Boks Təşkilatı (IBO), Ümumdünya Boks Təşkilatı (WBO) və Ümumdünya Boks Şurası (WBC) versiyaları üzrə ağır çəkidə dünya çempionu titullarını qoruyub saxlayıb.
Bundan əvvəl, 19 may tarixində Tayson Fyuriyə qarşı keçirdiyi döyüşdə Usik hakimlərin qərarı ilə qələbə qazanaraq, XXI əsrdə ağır çəki dərəcəsində ilk mütləq dünya çempionu olmuşdu. Həmin döyüşdə Fyuri karyerasında ilk dəfə məğlub olmuşdu. Bu döyüşdən sonra Usik Beynəlxalq Boks Federasiyasının “IBF” çempionluq kəmərindən imtina etmişdi, çünki məcburi rəqib olan xorvatiyalı Filip Xrqoviçlə titulu müdafiə döyüşünü keçirə bilməmişdi. Daha sonra Dübua Xrqoviçə qarşı döyüşdə texniki nokautla qalib gələrək vakant olan IBF titulunu qazanmışdı.
27 yaşlı Dübuanın professional rinqdə 22 qələbəsi (21-i nokautla) və 2 məğlubiyyəti var. Sonuncu döyüşünü o, 21 sentyabr 2024-cü ildə britaniyalı həmyerlisi Entoni Coşuaya qarşı keçirib və 5-ci raundda texniki nokautla qalib gələrək IBF titulunu qoruyub. Döyüş ərzində Coşua bir neçə dəfə nokdauna düşmüşdü.