ÜST: Dünyada COVID-19 virusuna yoluxma halları 4 faiz artıb
Bakı, 23 yanvar, AZƏRTAC
Dekabrın 11-dən yanvarın 7-dək olan dövrdə dünyada koronavirus infeksiyasına yoluxma halları bundan əvvəlki dörd həftə ilə müqayisədə 4 faiz artıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ən çox yoluxanların sayı Rusiyada (225198) aşkarlanıb. Ölüm halları orta hesabla 26 faiz azalıb.
AZƏRTAC ÜST-nin informasiya bülleteninə istinadla xəbər verir ki, dünyada 4 həftə ərzində 1113726 yoluxma və 8700 ölüm halı qeydə alınıb. Xəstəxanaya yatırılanların sayı 40 faiz artaraq, 28 gün ərzində 173 mini keçib, intensiv müalicə şöbələrinə yerləşdirilən pasiyentlərin sayı 13 faiz artıb (cəmi təqribən 1,9 min). Dünyada ən geniş yayılan ştam “JN.1”dir.
Cənub-Şərqi Asiyada koronavirusa yeni yoluxmaların sayı 4 həftə ərzində 379 faiz, ölüm halları 5 dəfədən çox artıb. Qərbi Sakit okean regionunda 77 faiz çox yoluxma və 45 faiz az ölüm halları qeydə alınıb. Avropada yoluxmaların azalması 13 faiz təşkil edib, ölüm halları isə 3 faiz azalıb. Eyni zamanda, Amerika regionunda yoluxma 18 faiz, ölüm halları 41 faiz azalıb. Şərqi Aralıq dənizi bölgəsində 13 faiz az insan yoluxub, ölüm hallarının sayı isə 53 faiz aşağı enib.
Koronavirusa ən çox yoluxan ölkələrin beşliyinə Rusiya ilə yanaşı, Sinqapur (174643), İtaliya (163599), Yunanıstan (68590) və Malayziya (67206) daxildir. İtaliyada daha çox ölüm halları qeydə alınıb - 1016. Sonrakı yerlərdə Rusiya (679), Polşa (543), İsveç (446) və Yunanıstan (322) gəlir.