ÜZEYİR BƏYİN ZƏNGİN ƏDƏBİ-BƏDİİ İRSİ DƏ MİLLİ MƏDƏNİYYƏTİMİZİN ƏBƏDİYAŞAR NÜMUNƏLƏRİNDƏNDİR
Sərginin açılışı münasibətilə keçirilən mərasimdə kitabxananın direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Fikrət Babayev çıxış edərək Üzeyir Hacıbəyovun milli musiqi sənətimizin inkişafına göstərdiyi əsil atalıq qayğısından, dünya musiqisi xəzinəsinə verdiyi töhfələrdən danışdılar, Üzeyir bəyin həm də öz dövrünün tanınmış, istedadlı yazıçı-publisisti, jurnalisti, klassik ədəbiyyatımızın gözəl bilicisi olduğunu faktlarla diqqətə çatdırdılar. Görkəmli bəstəkarın əvəzsiz musiqi yaradıcılığı ilə bərabər, zəngin ədəbi-bədii irsinin də qaldığını vurğuladılar.
Sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular.
Dahi bəstəkarın sağlığında nəşr edilən qəzet və jurnallarda çıxan məqalələri, opera, ariya, romans və mahnılarının not yazıları, əlyazmaları, indiyədək nəşr edilən kitabları, haqqında yazılmış monoqrafiyalar, “O olmasın, bu olsun” və “Arşın mal alan” musiqili komediyalarının Azərbaycan və ingilis dillərində çap olunmuş variantları, yumoristik novellaları xüsusi maraqla qarşılandı.
Qeyd olundu ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 12 yanvar tarixli Sərəncamına əsasən nəşr edilən və ölkənin kitabxanalarına paylanan kitabların ilk sırasında Üzeyir Hacıbəyovun nəfis tərtibatlı ikicildlik seçilmiş əsərləri də olmuşdur. Bu, bir daha Üzeyir Hacıbəyov yaradıcılığına dövlət qayğısının, onun əbədiyaşar sənətinə verilən qiymətin təzahürü kimi qiymətləndirildi.