ÜZEYİR MUSİQİ GÜNÜ MÜNASİBƏTİLƏ
X X X
Fəvvarələr meydanında Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestrinin konsertində (bədii rəhbər və baş dirijor, xalq artisti Teymur Göyçayev) Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Soltan Hacıbəyov və digər bəstəkarların əsərləri səslənmişdir. Orkestrin, solistlər Sahib Paşazadə (tar), Toğrul Əsədullayev (kamança), Çinarə Mütəllibova (kanon), Etibar Qasımbəylinin (qarmon) çıxışlarını meydana toplaşan tamaşaçılar hərarətli alqışlarla qarşılamışlar.
X X X
Axşam Milli Parkda ənənəvi Musiqi bayramı Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının və ”Cəngi” folklor-estrada ansamblının iştirakı ilə davam etdirilmişdir. Bədii rəhbər Lütvi Qədirov və dirijor Fəxrəddin Atayevin idarəsi ilə orkestrin ifasında Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Tofiq Quliyev, Oqtay Kazımovun əsərləri səslənmişdir. Əməkdar artistlər Gülyaz və Gülyanaq Məmmədovalar, Gülüstan Əliyeva, Bilal Əliyev, müğənnilər Elza Seyidcahan və Vaqif Şıxəliyevin oxuduqları mahnı və təsniflər Musiqi bayramı iştirakçılarının qəlbində xoş duyğular oyatmışdır.