VALERİ LOŞŞİNİN: AZƏRBAYCAN PREZİDENTİNİN SƏFƏRİ İKİ ÖLKƏNİN TƏRƏFDAŞLIQ MÜNASİBƏTLƏRİNİ MÖHKƏMLƏNDİRƏCƏK
Diplomatın fikrincə, “gənc və enerjili Azərbaycan liderinin səfəri, Rusiya Prezidenti Vladimir Putinlə, ölkənin digər rəhbərləri ilə qarşıdakı danışıqları Rusiya-Azərbaycan strateji tərəfdaşlığına daha bir mühüm təkan veriləcəyinə inam yaradır”.
V.Loşşinin vurğulamışdır ki, “Rusiya-Azərbaycan strateji tərəfdaşlığı heç bir zaman çərçivəsi ilə məhdudlaşmır və hər hansı xarici siyasi konyukturanın hökmu ilə həyata keçirilmir. Bu tərəfdaşlığın əsasını iki qardaş xalqın ölkələrimizin rifahı naminə birgə qarşılıqlı fəaliyyəti genişləndirmək kimi obyektiv ehtiyacı təşkil edir”. O, yüksək səviyyədə dialoqu intensiv surətdə inkişaf edən siyasi əlaqələrin hərəkətverici qüvvəsi sayır. Diplomat xarici siyasi məsləhətləşmələr praktikasının yaxşı səviyyədə təşkil olunduğunu nəzərə çarpdıraraq bildirmişdir ki, BMT, ATƏT, Avropa Şurası, digər beynəlxalq təşkilatlar və forumlar çərçivəsində konstruktiv qarşılıqlı fəaliyyəti davam etdirmək əzmi var.
V.Loşşinin Dağlıq Qarabağ probleminin qarşılıqlı surətdə məqbul həlli yollarının axtarılmasını Rusiya-Azərbaycan birgə fəaliyyətinin mühüm bəndi adlandıraraq demişdir: “Bu münaqişənin nizama salınması üçün onun tərəflərinə vasitəçilik köməyinin göstərilməsini davam etdirməyi özümüzə borc bilirik”.
Diplomat Rusiya ilə Azərbaycanın iqtisadi sahədə münasibətlərinə xüsusi diqqət yetirildiyini qeyd edərək bildirmişdir: “Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli də daxil olmaqla, yanacaq-energetika kompleksində, habelə nəqliyyat və nəqliyyat infrastrukturu sahəsində qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi üçün böyük planlar var. Rusiya subyektlərinin Azərbaycanla əməkdaşlığı, parlamentlərarası əlaqələr və humanitar fəaliyyət sahəsi də ikitərəfli tərəfdaşlığın sanballı cəhətləridir”.