VALİDEYN-MÜƏLLİM ƏMƏKDAŞLIĞINA... DAİR I MİLLİ KONFRANS İŞƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Təhsil Nazirliyi, YUNİSEF və Ümidli Gələcək Gənclər Təşkilatının birgə təşkil etdikləri tədbiri açan təhsil naziri Misir Mərdanov ölkəmizdə təhsil islahatlarının həyata keçirilməsində ümummilli liderimiz dövlət xadimi Heydər Əliyevin müstəsna xidmətlərini vurğulamışdır.
Respublikamızın təhsil sistemində qazanılmış uğurlardan danışan nazir Valideyn-Müəllim Assosiasiyalarının yaradılmasını və valideyn- müəllim münasibətlərinin müasir tələblər səviyyəsində qurulmasını yüksək dəyərləndirmiş, konfransın işinə uğurlar arzulamışdır.
YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Akif Saatçıoğlu, İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanova çıxışlarında ölkəmizdə təhsilə göstərilən dövlət qayğısından, təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatların əhəmiyyətindən söhbət açmışlar.
Konfransda İnsan Hüquqları və Demokratiya Proqramları Departamentinin direktoru, Təranə Şərifovanın “Layihə çərçivəsində 2003-cü il ərzində görülmüş işlər və 2004-cü ildə layihənin inkişaf planı”, beynəlxalq məsləhətçi Debora Velşin “VMA-nın beynəlxalq təcrübəsi” və digər mövzularda məruzələri dinlənilmişdir. Onlar Valideyn-Müəllim Assosiasiyalarının məqsəd və vəzifələri, fəaliyyəti barədə geniş məlumat vermişlər. Qeyd olunmuşdur ki, bu layihə artıq respublikamızın 5 pilot məktəbində həyata keçirilir. İndi onların sırasına daha 10 təhsil ocağı da daxil olmuşdur.
Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.