VAQİF MUSTAFAZADƏNİN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ “CAZ-MUĞAM” BEYNƏLXALQ FESTİVALI KEÇİRİLƏCƏK
Festivalın iştirakçıları arasında məşhur Rusiya müğənnisi, əslən bakılı Larisa Dolina, pianoçular Anatoli Kroll və azərbaycanlı Salman Qəmbərov, saksofonçu Anatoli Gerasimov, gitaraçı Temur Kvitelaşvili (Gürcüstan), Viktor Livşitsin JVL orkestri, “Çe Gevara” qrupu (Ukrayna) və digər istedadlı ifaçılar da var. Eduard Cəfərov demişdir ki, festivalda fəxri qonaq kimi dəvət olunmuş Gürcüstanın xalq artisti Vaxtanq Kikabidze də çıxış edəcəkdir.
Tənqidçilərin və musiqisevərlərin “caz dahisi” adlandırdıqları Vaqif Mustafazadə yaşasaydı, bu il 65 yaşı tamam olardı. O, caz musiqisində Sovet İttifaqında əməkdar artist adına layiq görülmüş ilk musiqiçidir. Yaradıcılıq fəaliyyəti ərzində Vaqif “Qafqaz” caz-üçlüyü, “Leyli”, “Sevil” və “Muğam” vokal-instrumental ansamblları kimi öz bənzərsiz ifaçılıq tərzinə malik ansambllar yaratmışdı. Mustafazadə SSRİ-də keçirilmiş müxtəlif festivalların laureatı olmuşdur. O, “Tbilisi-78” festivalında ən yaxşı pianoçu adına layiq görülmüşdür, dünyanın ən məşhur cazmenləri yekdilliklə qeyd edirdirdilər ki, Vaqif caz musiqisinə yeni ab-hava gətirmiş, bu sənət növünü zənginləşdirmiş, onun bütün dünyada təbliğində mühüm rol oynamışdır.
Xatırladaq ki, bu il Nyu-Yorkda Vaqif Mustafazadənin xatirəsinə həsr olunmuş beynəlxalq festival keçirilmişdir.