CƏMİYYƏT
Varşavada keçirilmiş beynəlxalq xeyriyyə bazarında Azərbaycan mətbəxi və məhsulları nümayiş olunub
![](/files/galleryphoto/2023/3/1200x630/17017808663374929765_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017808674728647233_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017808673096212145_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017808675369549941_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17017808676550342956_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/170178086771694705_1200x630.jpg)
Vyana, 5 dekabr, AZƏRTAC
Varşavada keçirilmiş beynəlxalq xeyriyyə bazarında Azərbaycan mətbəxi və məhsulları nümayiş olunub.
Azərbaycanın Polşadakı səfirliyi ölkəmizin Polşada akkreditə edilmiş Mərkəzi Avropa ölkələri üzrə ticarət nümayəndəsinin aparatı ilə birgə Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Dudanın himayəsi altında “Polşada akkreditə olunmuş Diplomatik Missiya Rəhbərlərinin Xanımları” Assosiasiyası (SHOM) tərəfindən təşkil olunmuş növbəti, sayca 16-cı xeyriyyə bazarında (Charity Bazaar) ölkəmizi təmsil edib. Tədbirdə Polşada akkreditə edilmiş əksər diplomatik nümayəndəliklər, bu ölkədə fəaliyyət göstərən xeyriyyə təşkilatları iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, xeyriyyə tədbirinin rəsmi hissəsi Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Dudanın videomüraciətinin nümayişi və Polşa Xarici İşlər Nazirliyinin Diplomatik Protokol Departamentinin direktorunun çıxışı ilə başlayıb.
Tədbirdə ziyarətçilərə təqdim olunmuş plov, YUNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş dolma, lülə kabab, milli şirniyyatlarımızdan şəkərbura, paxlava, badambura və digər təamlar böyük marağa səbəb olub. Azərbaycan stendində ölkəmizdə istehsal olunan müxtəlif növ spirtli içkilər, şirə və kompotlar, narşərab, mürəbbə və müxtəlif konservlər, çay növləri xeyriyyə bazarın ziyarətçiləri tərəfindən həvəslə alınıb.
Tədbir çərçivəsində Polşa Respublikasının birinci xanımı Aqata Kornhauzer-Duda stendimizi ziyarət edərək nümayiş olunan məhsullar və yemək növləri ilə tanış olub.
Tədbirdə çıxış edən Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova Azərbaycan mətbəxinin dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən olduğunu, mətbəximizdə 2000-ə yaxın yemək növünün məlum olduğunu qeyd edib. Səfir ölkəmizin zəngin tarix və füsunkar təbiətdən tutmuş, heç kəsi laqeyd qoymayan dadlı və unudulmaz mətbəxə qədər müxtəlif gözəlliklərin toplandığı heyrətamiz diyar olduğunu əlavə edib.
Daha sonra milli folklorumuzun ayrılmaz hissəsi olan rəqslərimiz barədə danışan səfir hər bir rəqsin özünəməxsus mənası və konsepsiyasının olduğundan, bu rəqslərin həm müxtəlif hərəkət, həm də müxtəlif forma və ifa üslublarını özündə ehtiva etdiyindən bəhs edib. Rəqslərin rəngarəngliyinə diqqət çəkən səfir “Köçəri”, “Uzundərə”, “Tərəkəmə”, “Vağzalı” və s. rəqs nümunələrimizi sadalamış, tədbirdə ifa olunacaq “Yüz biri” və “Naz eləmə” rəqsləri barədə izləyicilərə ətraflı məlumat verib.
Sonda N.Qurbanova ənənəvi Azərbaycan mətbəxinin təamlarını dadmaq və Azərbaycanda istehsal olunan müxtəlif növ məhsulları almaq üçün ziyarətçiləri stendimizə dəvət edib.
Xeyriyyə bazarının bədii hissəsində ölkəmizi Polşada təhsil alan tələbələr Leyla Əsgərova və Nihad Quliyev təmsil edib. Tədbirdə “Yüz biri”, “Naz eləmə” kimi Azərbaycan milli rəqsləri ifa edilib. İfalar ziyarətçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Səfir N.Qurbanova tədbir çərçivəsində təşkil olunmuş təbliğat kampaniyası zamanı Polşanın “TVP2” televiziya kanalında yayımlanan populyar “Pytanie na Śniadanie” proqramında iştirak edərək ənənəvi Azərbaycan çay dəstgahı barədə izləyicilərə məlumat verib. Studiyada armudu stəkanlarda çay, müxtəlif mürəbbə növləri, limon, ləbləbi, milli şirniyyatlarımızdan ibarət çay süfrəsi qurulub.
Qeyd edək ki, builki xeyriyyə bazarında 55 ölkə iştirak edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana