“Veçerni Peterburq” Azərbaycan haqqında
Moskva, 18 fevral, AZƏRTAC
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Elşad Qulamov Neva sahilində yerləşən bu şəhərin ən qocaman və populyar nəşrlərindən biri sayılan “Veçerni Peterburq” qəzetinə müsahibə verib.
Baş konsul 1992-ci ilin aprelində Azərbaycan ilə Rusiya arasında diplomatik münasibətlərin qurulması tarixi, bu münasibətlərin müasir vəziyyəti və 20 ildən çox müddətdə sürətlə inkişafı barədə məlumat verib.
Diplomat Azərbaycan ilə Sankt-Peterburq arasında iqtisadi, humanitar və mədəni əlaqələri vurğulayaraq bildirib ki, belə əlaqələr sayəsində 2014-cü ilin aprelində Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə Rusiya Federasiyası Prezidenti yanında Rusiya Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasının Şimal-Qərb İdarəçilik İnstitutu arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb, 2014-cü il oktyabrın 16-17-də Bakıda Sankt-Peterburqun mədəni-işgüzar missiyası həyata keçirilib, 2014-cü il aprelin 17-də Tavriya Sarayında böyük ictimai xadim, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri Əlimərdan bəy Topşubaşovun büstü açılıb.
Ölkəmizin turizm potensialı üzərində dayanan E.Qulamov Azərbaycana gələn xarici turistlərin sayının son 10 ildə iki dəfə artdığını bildirib. Vurğulayıb ki, müxtəlif dövrlərə aid 6 mindən çox mədəniyyət abidəsi və 130-dan çox muzey turistlər üçün çox cəlbedicidir. Azərbaycanda 500-dən çox komfortlu otel fəaliyyət göstərir ki, onların arasında dünyanın ən məşhur və nəhəng otel şəbəkələri təmsil olunub. Bundan əlavə, Azərbaycan tarixində ilk dəfə “Şahdağ” dağ-xizək kurortunun açılışı olub.
Sonra diplomat 2015, 2016 və 2017-ci illərdə nəzərdə tutulan Birinci Avropa Oyunlarından, “Formula-1” üzrə Qran-pri yarışlarından və İslam Həmrəyliyi Oyunlarından söz açıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva