Vəkillərin üzvlük haqqına güzəştlərin tətbiq edilməsi məsələsinə baxılıb
Bakı, 13 iyul, AZƏRTAC
İyulun 13-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclasda çıxış edən kollegiyanın sədri Anar Bağırov son günlər cəbhə xəttində baş vermiş hadisələrdən danışıb, xüsusilə Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində təxribat törətməsi nəticəsində şəhid olan əsgər və zabitlərimizin ailələrinə Rəyasət Heyətinin bütün üzvləri adından başsağlığı verərək səbir diləyib. O, ölkəmizin ərazi bütövlüyünün qorunması işində vəkillərimizin hər zaman mübarizəyə hazır olduqlarını bildirib.
Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vurmuş vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, hazırda dövlət qulluğunda olan bəzi vəkilliyə namizədlərin vəkillik fəaliyyətinə başlamalarına möhlət verilməsinə dair müraciətlərə baxılıb və bir sıra vəkillərin mükafatlandırılması məsələlərinə dair müsbət qərarlar qəbul olunub.
Ölkəmizdə COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tətbiq edilən karantin rejiminin şərtlərini nəzərə alaraq Vəkillər Kollegiyasının üzvlərinin iyul ayı üçün kollegiyaya ödəməli olduqları üzvlük haqqının güzəşt olaraq vəkilliyin inkişaf fondundan ödənilməsi barədə Rəyasət Heyəti tərəfindən qərar qəbul edilib. Bu çərçivədə pandemiya dönəmində vəkillər tərəfindən vəkil qurumlarına ödənilən saxlanma xərclərinin həcminin azaldılması məsələsi ölkə üzrə bütün vəkil qurumlarına tövsiyə olunub. Eyni zamanda, səhhətlərindəki problemlərlə və onların müalicəsi ilə bağlı kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılıb, onlara maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.
İclasda Sumqayıt “ASAN xidmət” mərkəzində vəkil kabinetinin yaradılması barədə təqdimata baxılıb və müvafiq qərar qəbul edilib.
Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq aidiyyəti qərarlar qəbul olunub.
Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.