Vəli Qasımov: “Qarabağ” stabilliyi qoruyur, “Neftçi” çox qol buraxır
Bakı, 30 dekabr, AZƏRTAC
“Klublar transfer pəncərələrində büdcə və hədəflərinə uyğun futbolçular alırlar”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Vəli Qasımov ölkə çempionatında mübarizə aparan klubların qış hazırlıq planları ilə bağlı danışarkən deyib.
Veteran hücumçu bəzi komandaların legioner seçimində düzgün addım atmadığını bildirib: “Bu da sonradan müəyyən problemlərə səbəb olur. Azərbaycana keyfiyyətli legionerlərin gəlişi liqanın və uşaq futbolunun inkişafına kömək olur. Lakin legionerlər burada çox qalmırlar. İstərdim ki, Premyer Liqaya daha səviyyəli oyunçular gəlsinlər”.
Mövsümün ilk yarısını da dəyərləndirən 55 yaşlı mütəxəssis qış fasiləsinə lider yollanan “Qarabağ”ın transfer dövrlərində bəzi futbolçularını saxlamaqda çətinlik çəkdiyini söyləyib: “Komanda yüksək səviyyədə mübarizə apardığına görə futbolçulara təkliflər gəlir. Bəzi oyunçular komandanı tərk edir, bəziləri qalırlar. Bu da hər mövsüm yeni futbolçu axtarışına səbəb olur. Amma Ağdam klubu illərdir stabilliyi qorumağı bacarır. Buna görə ölkə çempionatında və avrokuboklarda uğurlu nəticələr əldə edirlər”.
O, mövsümün ilk hissəsini ikinci pillədə tamamlayan “Zirə”də ciddi problemlərin olmadığını vurğulayıb: “Rəşad Sadıqovun komandasında yeni futbolçular var və onlara uyğunlaşmaq üçün vaxt lazımdır. Düşünürəm ki, “qartallar” mövsümün sonunadək yaxşı mübarizə apara biləcəklər”.
V. Qasımov sabiq komandası olan “Neftçi”nin müdafiə xəttində çatışmazlıqların olduğunu qeyd edib: “Qızıl medallar uğrunda mübarizə aparan komanda güclü çıxış etməlidir. “Neftçi” ölkə çempionatında çox qol buraxır. Bu da arxa xətdə yeni oyunçuya ehtiyac olduğunu göstərir”.
Mütəxəssis “Sumqayıt”ın bu mövsüm pis təsir bağışlamadığını bildirib: “Samir Abasov Premyer Liqa üçün yaxşı komanda qurub. “Gənclik şəhəri” təmsilçisinin heyətində fərqlənən oyunçu adı çəkə bilməsək də, uğurlu qrafik cızdıqlarını görürük”.
Keçmiş forvardın sözlərinə görə, “Araz-Naxçıvan” öz çıxışı ilə çempionata rəng qatmağı bacarıb: “Aşağı liqadan gəlib bu cür mübarizə aparmaq təqdirəlayiq haldır. Bölgə klublarının yüksək liqada çıxış etməsi Azərbaycan futbolunun inkişafı üçün böyük addımdır”.
“Səbail”in çıxışına da toxunan V.Qasımov mövsümün əvvəlində “dənizçilər”dən bu cür oyun gözləmədiyini bildirib: “Şahin Diniyevin başçılıq etdiyi kollektiv çempionata yaxşı başladı. Maraqlı oyunçular transfer edildi. Bilirsiniz ki, futbolda ən önəmli amillərdən biri adaptasiyadır. Oyunçu komandaya uyğunlaşdıqdan sonra işlər yaxşı məcrada irəliləyir”.
O, “Turan Tovuz”un bu mövsüm bəzi məqamlarda bəxtinin gətirmədiyini söyləyib: “Ayxan Abbasovun komandası ölkə çempionatına yaxşı başlamışdı. Heyətdəki oyunçular da normaldır. Sadəcə, Tovuz təmsilçisi stabil mübarizə apara bilmir. Xüsusilə ev oyunlarında çoxlu xallar itirirlər”.
Tanınmış futbolçu “Sabah”ın ötən mövsümlə müqayisədə yaxşı oyun sərgiləmədiyini diqqətə çatdırıb: “Bakılılar bu mövsüm istədiyi performansı göstərə bilmir. Lakin yaxşı oyunçuları var. Komandanın daxilində olmadığım üçün səbəblər barədə konkret danışa bilmərəm”.
Son pillələrdə qərarlaşan “Qəbələ” və “Kəpəz” barədə də danışan V.Qasımov əlavə edib: “Düşünürəm ki, hər iki komandaya yaxşı transferlər lazımdır. Çünki sonuncu yerləri bölüşdürürlər. “Qəbələ” ötənilki kimi çıxış edə bilmir. Səbəb isə büdcə ilə bağlıdır. Maliyyə yaxşı olanda istədiyin futbolçunu da almaq olur”.