Vəndam qəsəbəsinin küçələrinə məişət tullantıları üçün 100 qutu qoyulub
Qəbələ, 5 mart, Mustafa Dadaşov, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Qəbələ rayonunun Vəndam bələdiyyəsi tərəfindən məişət tullantılarının yığılması üçün alınmış 100 tullantı qutusu (urna) qəsəbənin küçələrinə yerləşdirilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, respublikanın əsas turizm mərkəzlərindən olan Qəbələ rayonunun yaşayış məntəqələrinin təmizliyini qorumaq hər bir vətəndaşın borcudur. Yeni tullantı qutuları küləkli havada məişət tullantılarının ətrafa dağılmasının qarşısını alacaq, insanların sağlamlığının qorunmasına və ətraf mühitin yaxşılaşmasına müsbət təsir göstərəcək. Ona görə də sakinlər və qəsəbənin qonaqları məişət tullantılarını qablardan kənara atmamalı, ətrafın zibillənməsi hallarına yol verməməlidirlər.