“VEOLI” şirkəti Azərbaycanda sənaye-çirkab və lay sularının təmizlənməsi sahəsində layihələr reallaşdırmaq niyyətindədir
Bakı, 20 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) “Ekol Mühəndislik Xidmətləri” Qapalı Səhmdar Cəmiyyətində (QSC) Fransanın “VEOLI” şirkətinin neft və qaz üzrə icraçı vitse-prezidenti Thierry Fromentin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
QSC-dən AZƏRTAC-a bildiriblər ki, müəssisənin baş direktorunun istehsalat üzrə müavini Məzahir Hüseynov qonaqlara “Ekol Mühəndislik Xidmətləri”nin fəaliyyəti barədə məlumat verib. O, görüşdə çirkab və lay sularının təmizlənməsi sahəsində yeni texnika və texnologiyalar haqqında ətraflı məlumatlar əldə ediləcəyinə və əməkdaşlıq əlaqələri üçün zəmin yaranacağına ümidvar olduğunu bildirib.
“VEOLI” şirkətinin vitse-prezidenti T.Froment görüşün keçirilməsi üçün yaradılan şəraitə görə QSC rəhbərliyinə minnətdarlığını bildirib. O, Azərbaycanda neft-kimya sənayesi sahələrində sənaye-çirkab, lay və məişət sularının təmizlənməsi sahəsində layihələr həyata keçirməkdə və bu sahədə “Ekol Mühəndislik Xidmətləri” QSC ilə etibarlı bir partnyor kimi əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib.
Məlumat verilib ki, “VEOLIA” 1853-cü ildə yaradılıb və dünyanın 66 ölkəsində fəaliyyət göstərir. Şirkət əsasən mövcud texnologiyalardan və kompleks qurğulardan istifadə etməklə zəruri su ehtiyatlarının hazırlanması, sənaye-çirkab, lay, məişət sularının təmizlənərək yararlı hala gətirilməsi və dəniz suyunun şirinləşdirilməsi üzrə ixtisaslaşıb. “VEOLIA” bu sahədə dünyanın bir çox ölkələrində uğurlu layihələr həyata keçirib.
Görüşdə şirkətlərin ikitərəfli qaydada fəaliyyət sahələri ilə yaxından tanış olmaları, həyata keçiriləcək layihələr barədə konkret təkliflər təqdim etmələri və gələcək əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində qarşılıqlı səylərini artırmaları qərara alınıb.