SİYASƏT
Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb
Bakı, 1 dekabr, AZƏRTAC
Dekabrın 1-də parlamentin plenar iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə baxılıb.
AZƏRTAC xəbər verir ki, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu barədə məlumat verib.
Bildirilib ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparatlarının işçilərinin xarici ölkədə aldığı əmək haqqının gəlir vergisindən azad olunması məqsədilə hazırlanıb. Məlum olduğu kimi, “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 26 yanvar 2017-ci il tarixli Fərmanı ilə xarici ölkələrdə Azərbaycanın və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, təyin olunduğu ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği məqsədilə xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin edilib və onlara diplomatik xidmət əməkdaşlarına məxsus təminatlar (diplomatik rütbə, diplomatik pasport) verilməsi nəzərdə tutulub.
Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.