VERGİDƏN YAYINMA VƏ QANUNSUZ SAHİBKARLIQ FAKTLARI İLƏ BAĞLI 21 CİNAYƏT İŞİ QALDIRILMIŞDIR
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, Bakı şəhəri Vergilər Departamentinin 1, 2 və 3 saylı filiallarında, 2 və 11 saylı Ərazi Vergilər İdarələrində, Qubadlı və Laçın rayon vergilər şöbələrində qeydiyyatda olan 20 hüquqi və 1 fiziki şəxsin külli miqdarda (ümumilikdə 7 milyon 812 min AZN) vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırdığı müəyyənləşdirilmişdir. Faktlarla bağlı Cinayət Məcəlləsinin (CM) 213.4 maddəsi ilə cinayət işləri qaldırılmışdır.
Bundan başqa, departament əməkdaşlarının araşdırmaları nəticəsində fiziki şəxs Məmmədov Sadiq Abıhüseyn oğlunun qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq xeyli miqdarda - 2.645 AZN məbləğində gəlir əldə etdiyi müəyyən olunmuşdur. Faktla bağlı CM-nin 192.1 maddəsi ilə cinayət işi açılmışdır.