VERGİLƏR NAZİRLİYİNDƏ AZƏRBAYCAN RESPUBLİKASI HÖKUMƏTİ İLƏ İSVEÇRƏ KONFEDERASİYASI ARASINDA KONVENSİYA İMZALANMIŞDIR
Sənədi Azərbaycan hökuməti adından vergilər naziri Fazil Məmmədov, İsveçrə tərəfindən isə federal xarici işlər naziri xanım Mişlin Kalmi-Rey imzalamışlar.
Nazir Fazil Məmmədov bildirmişdir ki, ümummilli lider Heydər Əliyev ölkəni böhranlı vəziyyətdən çıxararaq, iqtisadiyyatın sürətlə inkişafına nail olmuşdur. Hazırda bu xətti Prezident İlham Əliyev uğurla davam etdirir. Bu siyasət sayəsində uzun illərdir respublikamızda sabitlik mövcuddur, Azərbaycan ÜDM-in 27 faiz artımı ilə dünyada liderdir. Hazırda ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrində 50 İsveçrə firması, müştərək müəssisəsi fəaliyyət göstərir.
Xanım Mişlin Kalmi-Rey səmimi qəbula görə təşəkkür edərək demişdir ki, İsveçrə başqa ölkələrin iqtisadiyyatına 400 milyard İsveçrə frankından çox sərmayə yatırtmışdır, bu isə 2 milyon iş yeri açmağa imkan vermişdir. İsveçrə Azərbaycanla da iqtisadi əlaqələri genişləndirmək istəyir. İqtisadi münasibətlərimizin bugünkü göstəriciləri ölkələrimizin potensialına cavab vermir. Ümidvarıq ki, bu sənəd imzalandıqdan sonra İsveçrə sərmayədarlarının Azərbaycana marağı artacaqdır. İsveçrə Azərbaycanın Dünya Ticarət Təşkilatına daxil olmasını da dəstəkləyəcəkdir.