Vətən müharibəsi qazilərinin bir qrupuna Respublika Veteranlar Təşkilatına üzvlük vəsiqələri verilib
Bakı, 26 iyun, AZƏRTAC
İyunun 26-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həyatını qurban verən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Silahlı Qüvvələr Günü münasibətilə bütün hərbçiləri, eləcə də veteranları təbrik edib, ordumuzun 44 günlük Vətən müharibəsindəki qalibiyyətindən danışıb.
Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov çıxışında Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlara toxunub, görülən işlərin vacibliyini qeyd edib.
Polkovnik deyib ki, Silahlı Qüvvələrimizin döyüş hazırlığının, maddi-texniki təchizatının artırılması prosesi 44 günlük Vətən müharibəsindən sonra da davam edir. Bu da dövlətimizin və xalqımızın təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyətə malikdir.
Sonra Vətən müharibəsi qazilərinin bir qrupuna Təşkilatın üzvlük vəsiqələri təqdim olunub, veteranlar üçün bayram süfrəsi açılıb.
Bayram tədbiri Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşlarının ifa etdikləri vətənpərvərlik mahnıları ilə davam edib.