Vətən müharibəsi qazisi: Qələbə qazanacağımıza əmin idik
Göyçay, 21 dekabr, AZƏRTAC
44 gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində Göyçayda şəhid olanların ailələri, habelə qazilərlə görüşlər davam edir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, növbəti belə görüş Suqovuşan və Şuşa uğrunda döyüşlərdə igidliklə vuruşaraq düşmənin xeyli sayda canlı qüvvəsini məhv edən qazilər Emin Cavanşir oğlu Cəbrayılov və Elxan Vaqif oğlu Əliyevlə olub. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən görüşdə icra başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rəşad Şükürov qazilərin yaşadıqları evlərdə olub, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbə münasibətilə onları təbrik edib, Vətən qarşısındakı xidmətlərinin heç vaxt unudulmayacağını bildirib. O, ölkə başçısının tapşırığı ilə şəhid ailələrinə və qazilərimizə göstərilən diqqət və qayğıdan danışılıb.
Ağır döyüş yolu keçən Emin Cəbrayılov və Elxan Əliyev cəbhə xatirələrindən danışıb, döyüşlərdə əsgər və zabitlərimiz arasındakı yüksək əhval-ruhiyyədən, qələbə əzmindən bəhs ediblər.
“Ermənistan ordusunun genişmiqyaslı təxribatına qarşı başlanan əks-hücum əməliyyatının ilk günlərindən hamımız qələbə əzmi ilə vuruşurduq. Qələbə çalacağımıza da əmin idik. Şuşaya bayrağımızı sancanda düşmən gülləsinə tuş gəldim. Ağır yaralandım. Sevinirəm ki, tarixi şəhərimizin azad olunmasında mən də vuruşmuşam”, - deyə Emin Cəbrayılov söyləyib.
Valideynlər Cavanşir Cəbrayılov və Vaqif Əliyev övladlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Hər iki görüşün sonunda ağır döyüş yolu keçən qazilərə hədiyyələr verilib, təşəkkürnamə təqdim olunub.