Vətən müharibəsi şəhidi Məhəmmədəli Məhəmmədəlizadənin xatirəsi anılıb
Ağdam, 11 oktyabr, AZƏRTAC
Ağdam rayonu Güllücə kənd sakini Məhəmmədəli Məhəmmədəlizadənin Vətən müharibəsində şəhadətə yüksəlməsindən üç il keçir. Bu münasibətlə Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, Qarabağ müharibəsi veteranları, məktəblilər şəhidlərin məzarları önünə qərənfillər düzərək, onların əziz xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Vətən müharibəsində qazanılan Zəfərdən danışıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən 44 günlük mübarizədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyini, əsgər və zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq qələbə qazandığını bildiriblər.
Qeyd edək ki, şəhid çavuş Məhəmmədəlizadə Məhəmmədəli Asif oğlu 1992-ci il aprelin 28-də Ağdamın Güllücə kəndində anadan olub. O, 2020-ci il oktyabrın 8-də Ağdam rayonunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib, oktyabrın 11-də Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub. Ölümündən sonra "Vətən uğrunda", "Ağdamın azad olunmasına görə" medalları ilə təltif edilib.