Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn prokurorluğun sabiq əməkdaşının xatirəsi yad olunub
Bakı, 5 iyun, AZƏRTAC
İyunun 5-i İkinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə yüksələn Gəncə Şəhər Prokurorluğunun sabiq əməkdaşı Yüksəl Əlizadənin doğum günüdür.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, prokurorluq əməkdaşları şəhidin məzarı önünə gələrək əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər gül dəstələri düzüblər.
Mərasim iştirakçıları 25 yaşı tamam olan Yüksəl Əlizadənin keçdiyi qısa və mənalı həyat yolundan söz açıb, tarix yazan qəhrəman şəhidlərin and yerimizə, ziyarət məkanımıza çevriləcəklərini bildirib.
Qeyd edək ki, Yüksəl Əlizadə 1996-cı il iyunun 5-də sabiq prokurorluq əməkdaşı, mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.
O, 2017-ci ildən Gəncə Şəhər Prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.
Ötən ilin iyulunda Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.