Vətən müharibəsində yaralanmış qazilərin mühərrikli təkərli oturacaqlarla təminatına başlanılıb
Bakı, 10 mart, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri çərçivəsində Vətən müharibəsi qazilərinin mühərrikli təkərli oturacaqlarla təminatına başlanılıb.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzində Vətən müharibəsində yaralanmış qazilərimiz - Abdulla Abdullayev, Camal Alxasov, Natiq Salahov, Vüqar İbrahimov və İntiqam Əkbərov mühərrikli təkərli oturacaqla təmin ediliblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə agentliyin sədri Cavid Əbdül-Qədirov Prezident İlham Əliyevin müharibə iştirakçılarına xüsusi qayğısının təzahürü olaraq, qazilərlə əlaqədar genişmiqyaslı dəstək tədbirlərinin həyata keçirildiyini bildirərək qeyd edib ki, dəstək tədbirləri sırasında müharibədə yaralanmış Vətən müdafiəçilərinin reabilitasiya xidmətləri və reabilitasiya vasitələri ilə təminatı mühüm yer tutur.
Onun verdiyi məlumata görə, son iki ildə 11 reabilitasiya və sosial xidmət müəssisəsi istifadəyə verilib. Qazilərimizə keyfiyyətli reabilitasiya xidmətləri göstərilməsi üçün müasir infrastruktur yaradılıb.
Agentlik sədri qazilərin ötən ilin dekabr ayından yüksək texnologiyalı protezlərlə təminatına başlandığını, artıq 15 hərbçinin yüksək texnologiyalı protezlə təmin edildiyini, bu sahədə işlərin davam etdirildiyini diqqətə çatdırıb. Əlavə olaraq postmüharibə dövründə 210 qaziyə 1220 reabilitasiya vasitəsi verildiyini diqqətə çatdırıb.
C.Əbdül-Qədirov bildirib ki, eyni zamanda, müharibədə yaralanmış qazilərimizin mühərrikli təkərli oturacaqlarla təminatına başlanır. İlk mərhələdə ölkəmizin ərazi bütövlüyü ilə əlaqədar əlilliyi olanlara, sonrakı mərhələdə isə digər əlilliyi olan şəxslərə mühərrikli təkərli oturacaqlar təqdim olunacaq.
Bütün bunlar ölkəmizdə əlilliyi olan şəxslərlə bağlı həm reabilitasiya infrastrukturunun, həm də reabilitasiya texnologiyalarının müasirləşdirildiyini göstərir.
Yeni təkərli oturacaqlar Türkiyənin Wollex sirkəti tərəfindən istehsal olunub. Yük götürmə qabiliyyəti 120 kiloqram olan bu oturacaqlar mühərrik əsasında işləyir və standartlar daxilində 12 dərəcəli enişdə hərəkət edə bilir. Enerji ilə tam təmin olunduğu halda 20 kilometr məsafə qət edir.
Mühərrikli oturacaq qapalı və açıq məkanlarda istifadə oluna bilər. Ön təkərləri öz ətrafları boyu tam dönmə qabiliyyətinə qabiliyyətinə malikdir. Jostiklə idarə olunur və jostik üzərində əyləşənin rahatlığı üçün hər cür tədbir görülüb: sükan qolu, səsli xəbərdarlıq düyməsi və beş pilləli sürət səviyyəsini tənzimləmə düyməsi var.
Yeni təkərli oturacaqlar mühərrik əsasında işləyir və əlilliyi olan şəxslərə kənar şəxsin köməyi olmadan sərbəst hərəkət etmək imkanı yaradır.