Vətən müharibəsindən suverenliyin tam bərpasına və Böyük Qayıdışa gedən yol VİDEO
Bakı, 6 oktyabr, AZƏRTAC
Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına gedən yol üç mərhələni əhatə edir.
Belə ki, 2020-ci il 27 sentyabr – 10 noyabr tarixlərini əhatə edən Vətən müharibəsi Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Lakin 10 noyabr tarixli Birgə Bəyanat ilə proses başa çatmadı. Ermənistanın bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsi, ərazilərimizdə təxribatlar törətməsi, mövqelərimizi atəşə tutması antiterror əməliyyatını labüd edirdi. Beləliklə, 2023-cü il sentyabrın 19-da başlayan və bir sutka davam edən antiterror tədbirləri Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etməsi ilə nəticələndi. Bununla da, torpaqlarımız qeyri-qanuni hərbi birləşmələrdən təmizləndi.
Azərbaycanın qazandığı tarixi Zəfər təkcə ərazi bütövlüyümüzün bərpası ilə deyil, Qarabağda və Şərqi Zəngəzurda sıfırdan qurulan yeni həyat, bərpa olunan yaşayış və əbədi qayıdışla özünü təsdiqləyir. Azad olunan ərazilərdə artıq 96 min insan yaşayır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlər məskunlaşıb. Bu, son 6 ildə qət edilən tarixi yolun miqyasını açıq şəkildə ortaya qoyur. Cəmi bir neçə il əvvəl tamamilə dağıdılmış ərazilərdə bu gün minlərlə insanın yaşaması, çalışması, təhsil alması bu istiqamətdə görülən misilsiz quruculuq və bərpa işlərinin ən bariz göstəricisidir.
Daha ətraflı əməkdaşlarımızın hazırladıqları videomaterialda izləyə bilərsiniz.