Vətən müharibəsinin şəhidi Samir Alışovun ailəsinə fərdi ev tikilir
Müharibədə yaralanmış Elçin Səmədovun ailəsinə isə üçotaqlı mənzil verildi
Bakı, 19 dekabr, AZƏRTAC
Vətən müharibəsinin şəhidi Alışov Samir Cəlil oğlunun ailəsinin ağır ev şəraiti və inşa etdirdiyi evin tikintisinin maddi imkansızlıq səbəbindən yarımçıq qaldığı nəzərə alınmaqla sosial tərəfdaşın dəstəyi ilə həmin evin inşası davam etdirilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları ötən ay həmin ailə ilə görüşmüşdülər. Hacıqabul rayonu, Qubalıbaloğlan kəndində yaşayan ailənin yaşayış şəraitinin ağır olduğu nəzərə alınaraq nazirlik sosial tərəfdaşın dəstəyi ilə ailə üçün ev tikintisini öhdəsinə götürmüşdü.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, qısa müddətdə bu işlərə başlandı və tikinti yaxın vaxtlarda başa çatdırılacaq.
Şəhidin valideynləri üçün qısa müddətdə özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı sahəsi üzrə kiçik təsərrüfat da yaradılıb.
Müharibədə çoxsaylı qəlpə yarası almış Elçin Səmədovun ailəsinin (Qəbələ) də ağır məişət şəraiti olan vaqon evdə yaşadığı nəzərə alınmaqla, sosial tərəfdaşın dəstəyi ilə ailənin mənzillə təmin edilməsi qərara alınmışdı. Nazirliyin sosial tərəfdaşı olan “Gilan Holdinq” şirkəti tərəfindən ailəyə üçotaqlı mənzil təqdim edilib.
Elçinin anası isə işsiz olduğu üçün öz istəyi ilə sosial xidmət sahəsində işlə təmin edilib.