“Vikipediya”nın polyak dili bölməsində Azərbaycan mədəniyyəti ilə bağlı məqalələr yaradılacaq
Bakı, 5 iyun, AZƏRTAC
Polşada Azərbaycan Diaspor Təşkilatının üzvü, Varşava İqtisadiyyat və Humanitar Elmlər Universitetinin magistri Fəridə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının onlayn “Vikipediya” təlimlərində iştirak edib.
Fəridə Əliyeva AZƏRTAC-a müsahibəsində bildirib ki, təlimlərdə böyük həvəslə iştirak edir: “Məqalələrin yaradılması qaydaları Mərkəzi Elmi Kitabxananın təlimçiləri tərəfindən yüksək səviyyədə öyrədilir. Çalışıram ki, detallı və tələsmədən öyrənim. Artıq bir məqalənin üzərində işləməyə başlamışam”.
O qeyd edib ki, “Vikipediya”nın polyak dili bölməsində Azərbaycan haqqında bəzi anlaşılmazlıqlar var. Ölkəmizlə bağlı dəqiq və düzgün informasiyaları çatdırmaq üçün ilk növbədə onları araşdırıb, düzgün məlumatlar yerləşdirmək lazımdır.
“Əsas fəaliyyətim mədəniyyət sahəsi üzrə olacaq. Azərbaycan mədəniyyəti ilə bağlı polyak dilində məqalələr yaratmaq niyyətindəyəm”, - deyə Fəridə Əliyeva vurğulayıb.
Xatırladaq ki, Fəridə Əliyeva üçün təlimlər Mərkəzi Elmi Kitabxananın təlimçisi, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbəsi Fehruz Rzayev tərəfindən keçirilib.