İDMAN
Vitold Banka: Azərbaycanın dopinqlə mübarizədə gördüyü işlər təqdirəlayiqdir
Bakı, 3 iyul, AZƏRTAC
Ümumdünya Antidopinq Agentliyinin (ÜADA) prezidenti Vitold Banka ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli arasında görüş keçirilib.
AMADA-dan AZƏRTAC-a bildirilib ki, ÜADA-nın Polşanın Varşava şəhərindəki prezident ofisində keçirilən görüşdə antidopinq sahəsində beynəlxalq irəliləyişlər müzakirə edilib. AMADA-nın direktoru Şəfəq Hüseynli ölkəmizdə antidopinq sahəsindəki vəziyyət, baş verən yeniliklər, beynəlxalq çağırışlara uyğun olaraq həyata keçirilən yeni innovativ üsulların, süni intellektin tətbiqi ilə bağlı layihələr barədə məlumat verib.
ÜADA-nın prezidenti Vitold Banka qeyd edib ki, Azərbaycanın yerli və beynəlxalq müstəvidə dopinqlə mübarizəyə verdiyi töhfəsi, gördüyü işlər təqdirəlayiqdir və AMADA ÜADA-nın etibarlı tərəfdaşlarından biridir.
Görüşdə, həmçinin Ş.Hüseynlinin sədrlik etdiyi Avropa Şurasının Antidopinqdə Gender Bərabərliyi Komitəsinin (GECA) gördüyü işlər və onun antidopinq sahəsində gender bərabərliyinin təmin edilməsi üzrə beynəlxalq layihəsi müzakirə olunub.