İDMAN
Vladiqafqazda Olimpiya çempionu Zelim Kotsoyevlə Azərbaycan diasporunun görüşü olub
Moskva, 12 avqust, AZƏRTAC
Rusiyanın Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədovun təşəbbüsü və təşkilatçılığı ilə Vladiqafqaz şəhərində XXXIII Yay Olimpiya Oyunlarının cüdo üzrə qızıl medalçısı Zelim Kotsoyevlə soydaşlarımızın görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin sədri Murtaza Gülməmmədov, Rusiya Xarici İşlər Nazirliyinin Vladiqafqaz üzrə nümayəndəsi Bağır Məmiyev, Zelim Kotsoyevin atası, qardaşı və digər yaxınları, həmçinin diaspor üzvləri, gənclər iştirak ediblər. Soydaşlarımız Olimpiya çempionunu çox böyük sevinc və alqışlarla qarşılayıblar.
Murtaza Gülməmmədov təşkilatın fəxri prezidenti Şahin Məmmədovun və soydaşlarımızın adından Zelim Kotsoyevi qələbə münasibətilə təbrik edib. O, Zelim Kotsoyevə növbəti yarışlarda da uğurlar arzulayıb.
Zelim Kotsoyev göstərilən diqqətə görə Vladiqafqazdakı Azərbaycan diasporunun rəhbərliyinə təşəkkür edərək deyib: “Mən Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Azərbaycanın Dövlət Bayrağını yarışlarda qaldırmaq mənim üçün çox böyük fəxrdir. Gələcəkdə Azərbaycan Respublikasının adına çoxlu medallar qazanacağam".
Azərbaycanlılarla osetinlərin dostluğunun çox möhkəm olduğunu deyən Zelim Kotsoyev Azərbaycan diasporu tərəfindən Şimali Osetiyada-Alaniya Respublikasında görülən işləri xüsusi qeyd edib.
Görüşün sonunda Azərbaycan diasporu adından Zelim Kotsoyevə Fəxri fərman və hədiyyələr təqdim olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva