Voleybol üzrə qadınlar və kişilər arasında ölkə çempionatlarının yeni mövsümünə start verilib
Bakı, 22 dekabr, AZƏRTAC
Dekabrın 22-də voleybol üzrə qadınlar və kişilər arasında Azərbaycan çempionatlarının 2018-2019-cu il mövsümünə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində ilk olaraq kişi komandaların görüşü keçirilib. “Neftçi” komandası “U-19”u qəbul edib. İlk hissədə “Neftçi” komandası rəqibini 25:16 hesabı ilə məğlub edib. İkinci hissədə Akif Vəliyevin yetirmələri seti qazanmağa yaxın olsalar da, bu setdə də sevinən tərəf “Neftçi” olub - 32:30. Üçüncü hissədə də “Neftçi” uğurlu çıxışını davam etdirib - 25:18. Beləliklə, görüş “Neftçi”nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qadın komandaları arasında ölkə çempionatında ilk oyun “Azərreyl” və “Lokomotiv” klubları arasında keçirilib. İlk hissə 25:17 hesabı ilə “Azərreyl”in xeyrinə bitib. Digər iki setdə də rəqibindən 25:19 və 25:21 hesabı ilə üstün olan “Azərreyl” görüşdə 3:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Azərbaycan çempionatının növbəti turunun oyunları yanvarda keçiriləcək.